Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı Cənubi Qafqaz bölgəzinsə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb.
XİN həmçinin bəyanatında Ermənistanı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.
XİN vurğulayır ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.
“Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib” – XİN-in bəyanatında deyilir.
XİN-də hesab edirlər ki, Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində İrəvanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.
“Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”, - XİN-dən vurğulanır. **
V.Əliyev