İsrail Prezidenti İshaq Hersoq bu il Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, Hersoq bu barədə martın 26-da Azərbaycanın Təl-Əvivdəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini qəbul edərkən bildirib.
“Hersoq deyib ki, bu il Azərbaycana səfər etməyi planlaşdırır”, - deyə nəşr qeyd edir.
Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri gözlənilir, martın 30-da onun Hersoqla görüşü planlaşdırılır.
Xəbər verildiyi kimi, Ceyhun Bayramov martın sonunda İsrailə səfər edəcək. Nazir Azərbaycanın Təl-Əvivdəki səfirliyinin açılışında iştirak edəcək.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun imzalayıb. Səfir Muxtar Məmmədov martın 26-da etimadnaməsini İsrail Prezidenti İshaq Hersoqa təqdim edib.*
R.Kərimov