2022-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 61,6 milyard manat və ya ÜDM-in 46%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildirilib.
2021-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 52,6 milyard manat və yaxud ÜDM-in 56,6%-ni təşkil edib.
Beləliklə, 2022-ci ildə Azərbaycanın maliyyə sisteminin aktivləri 17,1% artıb.
“Ötən ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 61,6 milyard manat və ya ÜDM-in 46%-i səviyyəsində (qeyri-neft ÜDM-in 88%-i) qiymətləndirilir. Aktivlərin 76,4%-i (2021-ci ilin yekunları üzrə 73,1%-i) bankların payına düşür”, - deyə hökumətdən qeyd olunub.
2022-ci ildə bankların aktivləri 2021-ci ilin göstəricisi ilə müqayisədə 22,4% artaraq 47,1 milyard manat təşkil edib.
Maliyyə sektorunun aktivlərinin strukturunda 20,8% bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşür. 2021-ci ildə bu göstərici 24,2% olub.
Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi cüzidir və müvafiq olaraq 2,6% və 0,2% təşkil edir.*
A.Əzizov