Azərbaycan hökuməti martın 28-dən hava nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış zamanı və idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri və mehmanxanalara daxil olmaq üçün COVID-19 pasportu tələbini ləğv edir.
Bununla bağlı baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, martın 28-i saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.
Bundan başqa, aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir: xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı; müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
Hazırda Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-dək uzadılıb. Dəmir yolu, avtomobil nəqliyyatı ilə giriş-çıxışla bağlı müəyyən məhdudiyyətlər qalmaqdadır.*
N.Abbasova