İndiyədək (2020-ci il dekabrın 31-dən etibarən – İF) Aİ ölkələrinə Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 22 milyard kubmetrdən çox qaz nəql olunub. Bunu “TAP AG” şirkətinin icraçı direktoru Luka Şippati (Luca Schieppati) deyib.
“Biz Avropaya 22 milyard kubmetrdən çox qaz tədarük etmişik. Bazarın tələbatını qarşılamaq üçün biz fevral ayının ortalarından etibarən tam yüklənməyə (qaz kəmərinin – İF) yaxınlaşmışıq və TAP-ın qısamüddətli ötürmə gücünü artırmaq üçün kommersiya həlləri işləyib hazırlamışıq", - deyə Şippati “European Gas Conference”da bildirib.
Onun sözləri “TAP AG” şirkətinin “Twitter” hesabında dərc olunub.
İcraçı direktor əlavə edib ki, “TAP AG” bu yaxınlarda qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsini başladıb.
“2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr qazın nəqli buraxılış qabiliyyətinin illik 20 milyard kubmetrədək genişləndirilməsi prosesinin başlanğıc mərhələsi olacaq”, - deyə Şippati vurğulayıb.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyətinin 2027-ci ilədək ildə 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24 milyard kubmetrdən çox olacaq, bunun ən azı 12 milyard kubmetri Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.*
N.Abbasova