Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Görüş zamanı Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.
Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb.
“Bu səylərə baxmayaraq, Ermənistan davamlı təxribatlar törədir və prosesə xələl gətirir”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.
Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.
Öz növbəsində, Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Xəbər verildiyi kimi, Ceyhun Bayramov martın 28-də İsrail və Fələstinə ikigünlük rəsmi səfərə gedib.*
R.Kərimov