İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant Azərbaycanla müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadəni vacib hesab edir.
O, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Y.Qallant iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib.
Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.
“Görüşdə iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. C.Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov