ABŞ-ın ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və Birləşmiş Ştatların Ticarət Nazirliyinin kommersiya xidmətinin baş direktoru Arun Venkataraman martın 30-dan aprelin 7-dək Cənubi Qafqaz ölkələri və Türkiyəyə səfər edəcək, o cümlədən, Azərbaycana gələcək.
“ABŞ-ın ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və Birləşmiş Ştatların Ticarət Nazirliyinin kommersiya xidmətinin baş direktoru Arun Venkataraman martın 30-dan aprelin 7-dək Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. O, ABŞ ilə bu ölkələr arasında mövcud və yeni kommersiya tərəfdaşlığını xüsusilə enerji, infrastruktur, tədarük zənciri, telekommunikasiya və rəqəmsal iqtisadiyyat sahələrində təbliğ edəcək”, - “İnterfaks-Azərbaycan” məlumatda ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət İdarəsinin (ITA) press-relizinə istinad edir.
Məlumata əsasən, Venkataraman turne zamanı yüksək rütbəli hökumət məmurları və müxtəlif Amerika və yerli şirkətlərlə ikitərəfli görüşlərdə iştirak edəcək.
Azərbaycanda Vemkataraman ölkədə bərpaolunan enerji mənbələri sahəsində fəaliyyətə məsul olan yüksək vəzifəli şəxslərlə görüşəcək, ABŞ-Azərbaycan “yaşıl” enerji üzrə forumda iştirak edəcək.
"Forum regionda “yaşıl” enerji strategiyalarına və imkanlarına həsr ediləcək və bərpaolunan enerji mənbələri sahəsində fəaliyyət göstərən Amerika şirkətləri üçün böyük imkanlar açır”, - ITA-dan məlumat verilir. **
R.Kərimov