2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $6 milyard 275,85 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 795,271 milyon təşkil edib. Beləliklə, 2022-ci ildə birbaşa xarici investisiyaların həcmi 30,9% artıb.
2022-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 814,146 milyon, ikinci rübdə - $1 milyard 406,446 milyon, üçüncü rübdə - $1 milyard 357,268 milyon, dördüncü rübündə - $1 milyard 697,99 milyon təşkil edib.
Tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 71%-i (2021-ci il ərzində 83,5%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $1,8 milyard (artım 2,3 dəfə), xüsusi çəkisi 29% təşkil edib (2021-ci ildə – 16,5%).
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($1 milyard 759,946 milyon, artım 10,9%), Türkiyə ($1 milyard 187,092 milyon, artım 60,3%), Kipr ($825,715 milyon, artım 2,6 dəfə), İran ($359,871 milyon, artım 34%) və RF ($517,96 milyon, artım 10,2 dəfə) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($279,406 milyon), ABŞ ($278,34 milyon), Norveç ($155,966 milyon), İsveçrə ($213,39 milyon) və Macarıstan ($110,767 milyon) daxildir.
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2020-ci illə müqayisədə 5,9% artıb. **
A.Əzizov