Azərbaycan İspaniyaya sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalamağı təklif edir.
“İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Madrid şəhərində İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici Ticarət üzrə Dövlət Katibi Şiana Margarida Mendes Bertolo ilə görüş zamanı bu təkiflə çıxış edib. Əliyev qeyd edib ki, bu sazişin imzalanması iki ölkə arasında qarşılıqlı investisiyaların artırılması, bu istiqamətdə hüquqi tənzimləməni təmin edir”, - Azərbaycan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin potensialı barədə məlumat verən nazir müavini bu imkanların reallaşdırılmasında biznes dairələrinin iştirakı ilə işgüzar görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib.
Həmçinin, Əliyev Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə Bertoloya məlumat verib.
Əliyev İspaniya Ticarət Palatasında sahubkarlara görüş zamanı qeyd edib ki, "yaşıl" enerji, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycan İspaniya təcrübəsindən yararlana bilər və bu istiqamətlərdə əməkdaşlıq üçün yüksək potensial var.
Öz növbəsində, İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat nümayiş olunub. **
R.Kərimov