Azərbaycan və İspaniya arasında hökumətlərarası komissiyanın yaradılması və İspaniyanın Bakıda səfirliyinin təsis edilməsi məsələləri müzakirə olunub.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Parlamentinin Deputatlar Konqresinin İqtisadi məsələlər komitəsinin rəhbəri Selso Luis Delgado Ars və Sənaye, ticarət və turizm komitəsinin rəhbəri Xuan Kapdevila ilə görüşüb.
Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
Nazir müavini məlumat verib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox təşkil edir və İspaniya Azərbaycanın əsas 10 ticarət tərəfdaşlarından biridir.
O, həmçinin vurğulayıb ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün real imkanlar mövcuddur.
“Müzakirələr zamanı Azərbaycan və İspaniya arasında hökumətlərarası komissiyanın və ya İşçi qrupun yaradılması, ölkəmizdə İspaniya Krallığının səfirliyinin təsis edilməsi məsələləri diqqət mərkəzində saxlanılıb”, - İqtisadiyyat Nazirliyindən bildirilir. **
B.Rüstəmbəyov