2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 0,8% - 20 milyard 347,1 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralda bankların və BOKT-ların kredit portfeli 87,9 milyon manat artıb.
Fevralın sonuna vaxtı keçmiş kreditlərin həcmi 606,1 milyon manat (hesabat dövründə artım 2,1% - İF) və ya bütün kreditlərin 3%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il fevralın 28-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 929,1 milyon manat (artım 2%) və ya bütün kreditlərin 19,3%-i, özəl banklar tərəfindən 15 milyard 828,3 milyon manat (artım 0,5%) və ya bütün kreditlərin 77,8%-i həcmində kredit verilib. Qalan 589,6 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
Fevralın sonuna verilmiş kreditlərin ümumi həcmindən 16 milyard 370,7 milyon manat (artım 1,1%) milli valyuta, 3 milyard 976,4 milyon manat (azalma 0,3%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 243,6 milyon manat (bütün kreditlərin 15,9%-i) ticarət və xidmət sahələrinin, 644,4 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 618 milyon manat (3%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 65 milyon manat (5,2%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 75,9 milyon manat (5,3%) sənaye və istehsal sektorunun, 770,4 milyon manat (3,8%) nəqliyyat və rabitə sahələrinin, 11 milyard 548,5 milyon manat (56,8%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-fevral aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 2,4% artıb (2022-ci ildə artım 31% təşkil edib).**
X.Nəsirzadə