Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Riyad Əl-Maliki ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” XİN-ə istinadən məlumat verib.
“Görüşdə, Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional vəziyyət müzakirə olunub. Azərbaycan və Fələstin arasında ikitərəfli əsasda müxtəlif sahələrdə əməkdaşlığın səmərəli gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib”, - məlumatda deyilir.
Bayramov həmçinin bildirib ki, Bakı Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.
Cənubi Qafqazdakı vəziyyətə toxunaraq Bayramov qeyd edib ki, İrəvan ilə sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylərin davamlı olaraq Ermənistanın təxribatları ilə üzləşməsinə baxmayaraq Azərbaycan bu sahədə fəaliyyətini davam etdirməkdə qərarlıdır.
Fələstinli nazir Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərindən bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
“Bu xüsusda, iki dövlət arasında keçirilmiş siyasi məsləhətləşmələrin mövcud siyasi dialoqa böyük töhfə verdiyi qeyd olunub. Ölkəmizin Fələstinə humanitar dəstəyi yüksək qiymətləndirilib, bu sahədə dəstəyin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycanın Fələstin tələbələri üçün ayrılan təhsil təqaüdü yüksək qiymətləndirilib”, - Əl-Maliki deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə