Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 30-da Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
“Görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Görüşdə çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək qeyd edilib.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırıb. “Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Kərimov