2023-cü ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 42,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 24,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Yanvar-fevral aylarında İKZF 70,08 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 1,8 dəfə).
Yanvar-fevral aylarında İKZF ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 21,9 milyon manat vəsait (azalma 8%) alıb.
Hesabat dövründə İKZF istiqraz yerləşdirməyib.
2023-cü ilin fevral ayında verilmiş ipoteka kreditinin orta həcmi 58,427 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34% dərəcəsi ilə verilib.
2022-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 422,51 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
X.Nəsirzadə