2023-cü ilin yanvar-fevral aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $651,4 milyon təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 36,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($227,2 milyon, artım 14,1 dəfə), ilkin formalı polipropilen ($23,6 milyon, artım 32,6%) meşə fındığı ($23,3 milyon, azalma 18,5%), pambıq mahlıcı ($23,2 milyon, azalma 54,6%), pomidor ($19,1 milyon, azalma 22%), karbamid ($18,2 milyon, azalma 37,9%), metanol ($15,8 milyon, azalma 33,6%), qızıl ($15,3 milyon, azalma 25%) və aşqarlanmamış alüminiumun ($15,3 milyon, artım 69,7%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($273,9 milyon, artım 78,7%), Rusiya ($137,7 milyon, azalma 15,6%), Gürcüstan ($64,7 milyon, artım 2,3 dəfə), Qazaxıstan ($19,4 milyon, artım 3 dəfə) və İsveçrə ($19 milyon, azalma 9,5%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcmində Türkiyənin payı 42%, Rusiyanın payı 21,1% təşkil edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov