Formula 1-in “Liberty Media”dan olan sahibləri komandalara həftəsonu sprint yarışı üçün yeni format təklif edib.
Yeni format iki ayrı sıralama turunu əhatə edir. Cümə günü bir məşq sessiyası və əsas yarışın start düzümünü təyin edəcək təsnifat mərhələsi planlaşdırılır. Cümə günü sıralama turunun qalibi poulun qalibi hesab ediləcək və şənbə günü sprintin startında bu nəticələr nəzərə alınmayacaq.
Şənbə günü məşq əvəzinə sprintdə start düzümünü müəyyən edəcək sıralama turunun, ardınca isə sprint yarışının keçirilməsi təklif edilir.
Formula 1-də Azərbaycan Qran Prisini aprelin sonunda (28-30 aprel) yeni formatda keçirmək istəyirlər. Bunun üçün iki həftə sonra reqlamentə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı elektron səsvermənin keçirilməsi nəzərdə tutulur.
Komandalar yarışın yeni formatını dəstəkləyiblər, lakin “Pirelli” ilə bağlı potensial problemlər yarana bilər.
İtaliyalı təkər istehsalçıları artıq Bakıya lazımi sayda təkər dəstləri göndəriblər və onlar əlavə təkər istehsal etməkdən və göndərməkdən imtina edirlər. Bu problemi həll etmək üçün Formula 1 bir neçə variant təklif edir ki, hər bir sürücü standart 12 təkər dəstinə malik olsun.
Variantlardan biri şənbə günü sıralama turu üçün fərqli formatdır ki, burada hər bir sürücü yalnız bir sürətli dövrə vura bilər. İkinci variant cümə günü sıralama turu sessiyalarının hər birinin müddətini yarıya endirməkdir. Başqa bir seçim isə sürücünün hər sessiyada istifadə edə biləcəyi dəstlərin sayını məhdudlaşdırmaqdır.
Yekun qərar hələ verilməyib – danışıqlar davam edir.*
R.Əhmədov