Martın 30-da Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çex Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
“Siyasi məsləhətləşmələr zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, gələcək perspektivləri, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, konsulluq məsələləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.
Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürst rəhbərlik ediblər.
X.Xələfov qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri haqda məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
X.Xələfov post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri, Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda, Ermənistan tərəfindən törədilən təxribatların, xüsusilə də Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinin bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.
Y.Kurfürst Çex Respublikasının Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini və bölgədə davamlı sülhün və sabitliyin bərqərar olunmasının əhəmiyyətli olduğunu vurğulayıb.
“Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov