“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi inkişaf etsə də, aşağı tutum və tərəfdaş dövlətlərlə əməkdaşlıqdakı çətinliklər səbəbindən hələ ki, bu yaxınlara qədər mövcud olan marşrutlara ciddi alternativ deyil. Daşımalar və infrastruktur üzrə Milli Tədqiqat Mərkəzinin prezidenti Pavel İvankin belə hesab edir.
“İnterfaks-Azərbaycan” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, P.İvankin bildirib ki, bununla belə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi sürətlə inkişaf edir: 2023-cü ilin I rübündə yükdaşımaların iki dəfə - 2,3 milyon tona qədər, o cümlədən onun qərb qolunda – 2 dəfə, Transxəzər qolunda 3 dəfə, şərq qolunda isə 33 dəfə artacağı proqnozlaşdırılır.
“Əgər ilin yekunları üzrə dəhlizlə 10 milyon ton daşınarsa, bu, nailiyyət olacaq. (...) Şübhəsiz ki, istiqamətin potensialı var. Məsələn, iranlılar 20-25 milyon ton yük aşırmağa hazır olduqlarını bildirirlər. Dəhlizin inkişafı üçün investisiya lazımdır, lakin buna üstünlük vermək hələ tezdir”, - deyə ekspert hesab edir.
Əsas problemlərdən biri biznesin təşkili və mentalitetdəki fərqdir. “Bizim (RF – İF) İran və Mərkəzi Asiya dövlətləri ilə rəqəmsal qarşılıqlı əlaqə mühitimiz çox aşağıdır. Bizim onların ərazisindən keçən yük haqqında operativ və etibarlı məlumat almaq imkanımız yoxdur. Bəzi daşımalarda gecikmənin 5-6 dəfə artdığını görürük. Prosesi, məsələn, inzibati metodlarla sürətləndirmək isə çox çətindir”, - deyə ekspert vurğulayır.*
R.Əhmədov