ABŞ bərpaolunan enerji mənbələri sahəsində müəyyən edilən hədəflərin əldə edilməsində Azərbaycana dəstək verməyə hazırdır. Bu barədə ABŞ Ticarət katibinin Qlobal Bazarlar üzrə köməkçisi Arun Venkataraman bəyan edib.
“Azərbaycan-ABŞ “Yaşıl enerji” forumuböyük önəm kəsb edir, çünki bu Amerika şirkətlərinə bu sahədə Azərbaycanda öz maraqlarını müzakirə etmək imkanı verir. ABŞ Ticarət departamenti, həmçinin özəl sektoru Azərbaycana bərpa olunan enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır. ABŞ emissiya səviyyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiqdir. Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə ABŞ-da ətraf mühitə atılan tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini götürüb”, - Venkataraman bazar ertəsi Bakıda keçirilən Azərbaycan-ABŞ “Yaşıl enerji” forumunda bildirib.
O qeyd edib ki, ABŞ gəmiçilik və dəmir yolu nəqliyyatı kimi sahələrdə atmosferə tullantıların azaldılması məsələlərində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, öz növbəsində xatırladıb ki, Azərbaycan elektrik enerjisi istehsalının ümumi həcmində bərpaolunan enerji mənbələrinin payını 30%-dək artırmağa hədəflənib.“Son 8 ay ərzində Azərbaycan “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb. Bu istehsal güclərinin 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır”, - Soltanov deyib.
Nazir müavini əlavə edib ki, “yaşıl” investisiyalar nöqteyi-nəzərindən həmçinin ABŞ şirkətləri üçün 157 QVt külək enerji potensialı olan Xəzər dənizi, azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası cəlbedici məkanlardır. **
N.Abbasova