2022-ci il ərzində “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 3 mln. 777 min 727,49 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildii kimi, 2021-ci ildə “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 3 mln. 920 min 118,1 manat təşkil edib. Beləliklə, hesabat ilində şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 3,6% azalıb.
Şirkətin maliyyə hesabatına əsasən, hesabat dövründə şirkətin gəlirləri 23 milyon 500 min 304,8 manat, sığorta haqları 21 milyon 115 min 404,59 manat (2021-ci illə müqayisədə azalma 14,3% - İF), investisiya gəlirləri 1 milyon 412 min 816,7 manata bərabər olub. Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə olunub.
2022-ci il ərzində “Meqa Sığorta” şirkətinin xərcləri 18 milyon 788 min 645,44 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 6 milyon 752 min 578,72 manat (artım 26,8%), sığorta işinin aparılması xərcləri 7 milyon 156,695 min manat, təkrar sığortaya verilən sığorta haqları 4 milyon 319,581 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat dövründə şirkətin vergiöncəsi mənfəəti 4 milyon 711 min 659,36 manat, mənfəət vergisi üzrə ödənişləri 933 min 931,87 manat təşkil edib.
2022-ci ildə şirkətin aktivləri 6,8% - 43 milyon 512 min 542,68 manata qədər, öhdəlikləri 30,5% - 13 milyon 119 min 867,55 manata qədər azalıb, məcmu kapitalı isə 9,3% - 30 milyon 392 min 675,13 manata qədər artıb.
Hesabat dövründə şirkət nizamnamə kapitalını 23 milyon manat səviyyəsində qalıb.
2022-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 21,7% - 7,85 milyon manata qədər artıb.
“Meqa Sığorta” şirkəti 2010-cu il oktyabrın 1-dən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir. **
X.Nəsirzadə