Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanda ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın bu gün dərc olunmuş “Asian Development Outlook 2022” icmalında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AİB-in qiymətləndirmələrinə görə, 2024-cü ildə ÜDM 3,8%-dək artacaq.
“Biz 2023-cü ildə Azərbaycanda ÜDM-in mülayim artımını 3,5% səviyyəsində proqnozlaşdırırıq ki, bu da 2024-cü ildə bir qədər sürətlənərək 3,8%-ə çatacaq. Bizim qiymətləndirmələrimizə görə, 2023-cü ildə Azərbaycanda sənaye istehsalı 0,5%, 2024-cü ildə 1% artacaq”, - deyə AİB qeyd edir.
Bank fermerlərə subsidiyaların davam etdirilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi hesabına Azərbaycanın aqrar-sənaye sektorunda 2023-cü ildə 3,8%, 2024-cü ildə isə 4% artım proqnozlaşdırdığını vurğulayır.
AİB-in hesablamalarına görə, 2023-2024-cü illərdə Azərbaycanın tikinti sektorunda artım müvafiq olaraq 12% və 11% olacaq.
2023-cü il üçün Azərbaycanın xidmət sektorunda artım 7%, sonrakı dövr üçün isə 7,5% səviyyəsində proqnozlaşdırılır və bu artım pərakəndə ticarətin, nəqliyyat sektorunun inkişafı, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması hesabına təmin ediləcək.
“AİB Azərbaycanda orta illik inflyasiyanı 2023-cü ildə 7% (2022-ci ildə 13,9% - İF), 2024-cü ildə isə 6,5% səviyyəsində proqnozlaşdırır. Bununla belə, ölkədə minimum əmək haqqı və pensiyaların artırılması (2023-cü ilin əvvəlindən) inflyasiyaya təkan verə bilər”, - deyə bank qeyd edib.
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-in 2,1%-ni, 2024-cü ildə isə ÜDM-in 2,2%-ni təşkil edəcək.
Bank 2023-cü ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 32,2%-i, 2024-cü ildə ÜDM-in 30,2%-i səviyyəsində proqnozlaşdırır.
AİB neftin orta qiymətinin daha ucuz olmasına baxmayaraq, 2023-cü ildə Azərbaycanın ixracının 0,2% artacağını gözləyir. Bankın qiymətləndirmələrinə görə, gələn il ixrac 2,9% azalacaq. 2023-cü ildə Azərbaycanın xarici ticarətində profisit 6,4% artacaq, 2024-cü ildə 5,6% azalacaq.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-n artımını 2,7%, 2024-cü ildə 4,1%, orta illik inflyasiyanı isə müvafiq olaraq 6,9% və 4,5% səviyyəsində proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib.*
A.Əzizov