Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.
“Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran Əliyev onun Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.
Elə həmin gün Türkiyənin ilk yerli elektromobili Prezident İlham Əliyevə təqdim olunub.
Xəbər verildiyi kimi, ikinci “Togg T10X” elektromobilinin sahibi Azərbaycanın dövlət başçısı olacaq.
İlk elektromobilin sahibi Ərdoğandır. Avtomobillərin açarlarının təntənəli təqdimetmə mərasimi bazar ertəsi Ankarada Prezident Sarayında baş tutub.
“Togg T10X” modeli üçün sifarişlərin yerləşdirilməsi prosesinin başlanmasından etibarən 177 467 ilkin sifariş daxil olub.*
R.Kərimov