Azərbaycan prezidenti İlham Əliyev və Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah arasında Azərbaycanla Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktublarının mübadiləsi olub.
Çərşənbə günü dövlət başçısının saytında dərc olunan Əliyevin təbrik məktubunda bildirilir ki, Azərbaycan Malayziya ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir.
“Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim”, - Azərbaycan prezidenti yazıb.
Onun sözlərinə görə, “bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır”.
“İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik”, - Əliyev yazıb.
Azərbaycanın dövlət başçısının saytında dərc olunan Malayziyanın Kralının məktubunda qeyd edilir ki, “son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraq doğuran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur”.
“Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək”, - əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah yazıb.
İki ölkə arasında 5 aprel 1993-cü ildə diplomatik münasibətlər qurulub. **
R.Kərimov