2022-ci ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur - İF) yenidənqurma və bərpası üzrə işlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 4 milyard 310,6 milyon manat (cari məzənnə ilə $2 milyard 535,6 milyon) vəsait ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Məlumata görə, bu vəsaitin 2 milyard 665,4 milyon manatı (61,8%) dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma işləri üçün xərclər maddəsi üzrə ayrılıb. 1 milyard 79,4 milyon manat (25,1%) dövlət büdcəsinin Ehtiyat Fondundan,467 milyon manat (10,8%) – dövlət kapital qoyuluşları çərçivəsində, 98,8 milyon manat – dövlət büdcəsinin digər maddələri üzrə ayrılıb.
Ümumilikdə bu vəsaitin 3 milyard 346,8 milyon manatı avtomobil yollarının layihələndrilməsi və tikintisi, 329,8 milyon manat – dəmir yollarının layihələndirilməsi və tikintisi, 146 milyon manat – Şuşa, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl və Kəlbəcər şəhərlərinin su infrastrukturu, su anbarları və su təchizatının layihə-smeta sənədlərinin və texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına yönəldilib.
“Cəbrayıl”enerji qovşağinintikilməsi və yeni kiçik SES-lərin layihələndirilməsinə 128,8 milyon manat yönəldilib.
Bundan başqa, azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə işlərin həyata keçirilməsi, «GCS-200» minaəleyhinə kompleksin və onun ehtiyat hissəslərinin alışına 99,6 milyon manat, müdafiə təyinatlı obyektlərin tikintisi, təmiri və bərpasına – 54,3 milyon manat yönəldilib.
Şuşa şəhərində yaşayış evlərinin tikintisi, zəruri infrastrukturun yaradılması üzrə işlərin maliyyələşməsi üçün 49,4 milyon manat, Şuşa, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın, Tərtər və Füzuli şəhərlərində tədris obyektlərinin tikintisi və layihələndirilməsinə - 24,9 milyon manat sərf olunub.
Bundan əlavə, Şuşa, Zəngilan, Füzuli, Cəbrayıl, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planının və 22 yaşayış məntəqəsinin (3 qəsəbə, 19 kənd) şəhərsalınması üzrə sənədlərin hazırlanmasına 18,9 milyon manat, azad olunmuş ərazilərdə muzey və xatirə komplekslərinin layihələndrilməsi və tikintisinə - 12,8 milyon manat ayrılıb, qalanı digər layihələrə yönəldilib. **
B.Rüstəmbəyov