Səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüş zamanı səhiyyə sahəsində birgə layihələrin icrasını müzakirə edib. Bu barədə çərşənbə günü nazirlikdən məlumat verilib.
“Görüşdə tərəflər yeni birgə layihələrin həyata keçirilməsi (səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi; ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək; yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlıq) və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Görüş zamanı Musayev Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb. “Azərbaycanda universal tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və kəskin xəstəliklərə qarşı dayanıqlığının artırılması əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bundan əlavə, Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”, - məlumatda nazirin sözlərindən sitat gətirilir.
Öz növbəsində, Keyros gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib və Qarabağ və Şərqi Zəngəzurda tibb müəsissələrinin yaradılmasında BMT-nin İnkişaf Proqramının köməyini əsirgəməyəcəyini vurğulayıb. **
İnformasiya şöbəsi