Dövlət Vergi Xidməti (DVX) 2022-ci ildə 502 səyyar yoxlamaya başlayıb, 393 yoxlamaya yekun vurub və onların əsasında 394,6 milyon manat məbləğində əlavə vergi hesablanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Başa çatmış 393 yoxlamadan 388-nin yekunlarına əsasən pozuntular aşkarlanıb”, - deyə hökumətdən bildirilib.
Əlavə hesablanmış verginin 223,9 milyon manatı və ya 56,7%-i planlı yoxlamaların, 170,7 milyon manatı və ya 43,3%-i isə plandankənar yoxlamaların payına düşüb.
2022-ci ildə bir yoxlama nəticəsində əlavə hesablanmış verginin orta məbləği 1,004 milyon manat (2021-ci ildə 1,009 milyon manat) təşkil edib.
Bundan başqa, hesabat dövründə 13,3 min obyektdə vergi nəzarəti həyata keçirilib. 10,9 min obyektdə aşkarlanmış pozuntularla bağlı 38 milyon 732,7 min manat məbləğində maliyyə sanksiyası və 4,3 min manat məbləğində inzibati cərimə tətbiq olunub”, - deyə hökumətdən qeyd ediblər.*
R.Əhmədov