Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib.
Müqavilənin imzalanma mərasimi aprelin 6-da Bakıda baş tutub. Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.
“Biz donanmamızın modernləşdirilməsi proqramı üzrə “Airbus” ilə qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və ikitərəfli tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. İmzalanmış müqavilə sərnişinlərimizə ən müasir və komfortlu dar gövdəli təyyarələri ilə səyahət təmin edəcək”, – deyə AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib.
“Bu sifariş “Airbus” və “Azərbaycan Hava Yolları” arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir. A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin A320neo təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar “Azərbaycan Hava Yolları”nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək”, - deyə “Airbus” Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer vurğulayıb.
Hazırda AZAL-ın donanmasına 14 “Airbus” təyyarəsi: 4 ədəd A319ceo, 6 ədəd A320ceo, 2 ədəd A340 və ilin əvvəlindən 3 yeni nəsil A320neo təyyarəsi daxildir.
Aviaşirkət yerli və beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün A320neo ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır.
A320neo ailəsi 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür. A320neo təyyarələri böyüdülmüş “Sharklets” qanad ucları, CO2 emissiyalarını azaldan və ən azı 20% yanacaq qənaəti təmin edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib.
Daha əvvəl S.Rzayev bildirmişdi ki, AZAL-ın Strateji İnkişaf Planında 2030-cu ilədək aviaşirkətin parkında yalnız 2 növ hava gəmisinin saxlanması nəzərdə tutulur. Park dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri üzrə isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaq.
Onun sözlərinə görə, hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir. AZAL-ın 2030-cu ilə qədər olan dövrü əhatə edən Strateji İnkişaf Planında öz əksini tapmış əsas hədəfləri köhnə təyyarələrin tədricən istismardan çıxarılması və yeni geniş gövdəli və dar gövdəli hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır ki, bu da öz növbəsində, istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən işçi heyətin hazırlanması ilə bağlı xərclərə əhəmiyyətli qənaət etmək imkanı yaradacaq.*
N.Abbasova