Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 2,2% səviyyəsində proqnozlaşdırır.
Cari ilin yanvar ayında DB 2023-cü il üçün Azərbaycanda iqtisadi artımı 2,8% səviyyəsində proqnozlaşdırmışdı.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bankın “Europe and Central Asia Economic Update, Spring 2023: Weak Growth, High Inflation, and a Cost-of-Living Crisis” adlı hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM 2,5% (yanvar proqnozu - 2,6%), 2025-ci ildə 2,6% artacaq.
Beləliklə, 2023-2025-ci illərdə ölkə üzrə ÜDM-in orta illik artım tempinin 2,5%-dək təşkil edəcəyi proqnozlaşdırılır.
“Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar (o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış bir neçə enerji sövdələşməsi fonunda), eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək. 2023-cü ildə iqtisadi artımın 2,2% təşkil edəcəyi gözlənilir. Ortamüddətli perspektivdə artımın struktur islahatları olmadan orta hesabla 2,5% səviyyəsində olacağı proqnozlaşdırılır”, - deyə hesabatda qeyd olunur.
DB-nin qiymətləndirmələrinə görə, 2023-2025-ci illərdə aqrar-sənaye sektoru üzrə orta illik artım 3%-i ötəcək, sənaye istehsalı üzrə artım təxminən 1%, xidmət sektoru üzrə isə 4,6% təşkil edəcək.
DB qeyd edir ki, Azərbaycan xammalın yüksək qiymətlərindən fayda əldə edib və bu vəziyyət tədiyə balansına müsbət təsir göstərib (2022-ci ildə profisit ÜDM-in 26,5%-i səviyyəsində olub – İF). Bankın proqnozlarına görə, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 19,2%-ni, 2024-cü ildə ÜDM-in 14,8%-ni, 2025-ci ildə isə ÜDM-in 13%-ni təşkil edəcək.
Bankın analitikləri hesab edirlər ki, Azərbaycanda neft hasilatının azalması ölkənin iqtisadi artım tempinə təsir edəcək. Bundan başqa, ölkə iqtisadiyyatı üçün mənfi risklər Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması mümkünlüyü ilə bağlıdır. DB qeyd edir ki, Azərbaycanın nəqliyyat sektoru Rusiya-Ukrayna müharibəsindən fayda əldə edib, belə ki, nəql marşrutları dəyişib. Həmçinin ortamüddətli dövrdə Avropaya qaz ixracının artması da iqtisadiyyat üçün müsbət faktdır.
DB-də hesab edirlər ki, Cənubi Qafqaz ölkələrində özəl sektorda artımın məhdudlaşmasına səbəb olan amillər kiçik iqtisadiyyat, biznes mühitlə bağlı problemlər, bacarıqların uyğunsuzluğu, infrastrukturun kifayət qədər inkişaf etməməsidir.
“Azərbaycanın əsas ixrac və fiskal gəlir mənbəyi kimi karbohidrogenlərdən asılılığının davam etməsi ölkə üçün əsas həssas məsələ olaraq qalır. Bu, neft hasilatının azalması, neft qiymətlərinin dəyişkənliyi və neftə əvəz tapmaq istiqamətində qlobal səy şəraitində uzunmüddətli artım üçün risklər yaradır”, - deyə DB qeyd edir.
DB-nin qiymətləndirmələrinə görə, 2023-2025-ci illərdə Azərbaycanda orta illik inflyasiya azalacaq: 2023-cü ildə azalma 8,5% (2022-ci ildə 13,8%), 2024-cü ildə 6,2%, 2025-ci ildə 5,4% təşkil edəcək.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 2,7%, 2024-cü ildə 4,1%, 2025-ci ildə 3,7% səviyyəsində (2023-2025-ci illərdə orta illik artım tempi 3,5%) proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib.*
A.Əzizov