Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov cümə günü Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
“Görüş zamanı ölkənin maliyyə sisteminin davamlı inkişafının təmin olunmasında ödəniş xidmətlərinin genişləndirilməsi və bank olmayan ödəniş xidmət təchizatçılarının ödəniş bazarında rolunun gücləndirilməsi istiqamətlərini müzakirə etdik. Görüşdə fintex nümayəndələrinin qanunvericilik layihələri ilə bağlı, həmçinin cari fəaliyyətlərində qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - Kazımov Twitter hesabında yazıb.
O qeyd edib ki, görüşdə Mərkəzi Bankın nümayəndələri ödəniş xidmətləri bazarlarının inkişafı istiqamətində aparılan islahatlar və həyata keçirilən layihələr, habelə nağdsız ödənişlərin genişləndirilməsi üzrə təşəbbüslər barədə məlumat veriblər. **
X.Nəsirzadə