Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinin təminatlında önəmli rol oyanayırlar.
“Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır”, - Əliyev cümə günü Qəbələdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Prezident bildirib ki, ötən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan 2027-ci ilə qədər təkcə Avropaya 20 milyard kubmetr qazın nəql olunmasını təmin etməlidir. Əliyev əmindir ki, “biz bu rəqəmə çatacağıq”.
O cümlədən, Əliyev vurğulayıb ki, dünyada hazırki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır.
Prezident əlavə edib ki, Qaribaşvili ilə təkbətək görüş zamanı çox önəmli məsələlər müzakirə olunub, əldə edilən razılaşmalar əsasında gələcək fəaliyyət qurulacaq. “Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir və əldə olunmuş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq”, - Əliyev deyib. **
X.Nəsirzadə