Gürcüstanın baş naziri İrakli Qaribaşvilibəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi layihəsi 2024-cü ildə sona çatacaq.
“Bizim (Gürcüstan və Azərbaycanın - İF) məqsədimiz yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir. Biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti genişləndiriləcək və biz Orta Dəhliz (Middle Corridor) vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik”, - Qaribaşvili cümə günü Qəbələdə Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib
Onun sözlərinə görə, Tbilisi və Bakı Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışır.
Əliyev öz növbəsində bəyan edib ki, Azərbaycan-Gürcüstan əlaqələrinin önəmli hissəsi nəqliyyatla bağlıdır. “Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq”, - president vurğulayıb.
O əlavə edib ki, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. “Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq”, - Əliyev qeyd edib.
Xəbər veridliyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsi layihəsi $120 milyon dəyərində qiymətləndirilir. Layihənin həyata keçirilməsi nəticəsində yükdaşımaların illik həcmi 1 milyon tondan 5 milyon tona çatdırılacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Layihə çərçivəsində 68 kilometri Türkiyə və 30 kilometri Gürcüstanda olmaqla Qars və Axalkalaki arasında 98 km uzunluğunda dəmir yolu xətti çəkilib, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsi yenidən qurulub. Magistralın Gürcüstan hissəsindəki işlər bu ölkəyə ümumilikdə $775 milyon məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
BTQ-nin ümumi uzunluğu 826 kilometrdir.**
R.Əhmədov