Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada səfərdə olub.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Səfər çərçivəsində Azərbaycan Respublikası və Moldova Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr və Moldova dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib.
Qeyd olunur ki, Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya nazirliyində Azərbaycan və Moldova arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Moldova tərəfini isə xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Ruslan Bolboçan təmsil edib.
“Məsləhətləşmələr zamanı ticarət-iqtisadi, humanitar, kənd təsərrüfatı, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Siyasi dialoqun davamlı şəkildə aparılmasının vacibliyinə vurğu edilib. Eyni zamanda tərəflər iki ölkənin BMT, Avropa Şurası, ATƏT, QDİƏT, GUAM kimi beynəlxalq və regional təşkilatlarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar. Son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin önəmli dərəcədə artması qeyd olunaraq, bu sahədə daha böyük potensialın mövcudluğuna diqqət çəkilib. Hüquq-müqavilə bazasının genişləndirilməsi imkanları müzakirə olunub”, - məlumatda deyilir.
Səfər çərçivəsində Xələfov Moldova parlamentinin sədri İqor Qrosu, Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku, Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebrian və bir sıra digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirib. **
V.Əliyev