İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin şərhi diplomatik statusa uyğun deyil, Vyana Konvensiyasına ziddir, qərəzli və emosionaldır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu bəyanatla çıxış edib.
“Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və cavab olaraq atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir”, - Hacızadə qeyd edib.
O xatırladıb ki, İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir.
“Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub vəbu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub”, - Hacızadə yekun vurub. **
V.Əliyev