Moldovanın xarici işlər naziri Niku Popesku bəyan edib ki, Kişinyov, o cümlədən Azərbaycandan qaz tədarükünün şaxələndirilməsində maraqlıdır.
“Kişinyovda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovu qəbul etdim. İki ölkə arasında diplomatik əlaqələrinin qurulduğu andan etibarən 31 il ərzində əldə olunan nəticələri yüksək qiymətləndirdik və energetika, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğumuzu bildirdik”, - Popesku Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Kişinyov birgə layihələrin həyata keçirilməsi məqsədilə Moldovaya mümkün qədər çox azərbaycanlı investor cəlb etməkdə maraqlıdır. “Həmçinin, ölkəmiz təbii qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır” - o vurğulayıb.
Popesku qeyd edib ki, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, “o cümlədən, ölkələrimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsinə” dialoqun vacib mövzusu olub. **
R.Əhmədov