Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Astanada keçirilən məhdud tərkibdə görüşdə iqtisadi əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə ediblər. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Biz Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmindəyik. Bizim aramızda hər hansı problem yoxdur. Yalnız məhz bu istiqamətdə irəli getmək arzusu var”, - deyə Tokayev danışıqların gedişində bilidirib.
O, avqust ayında Bakıya səfərinin səmərəli keçdiyini və ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verdiyini qeyd edib.
“İndi, necə deyərlər, saatları tutuşdurmaq, prezidentlərin tapşırıqlarının iki ölkənin hökumətləri tərəfindən necə icra edilməsini yoxlamaq zərurəti yaranıb”, - deyə Qazaxıstan Prezidenti əlavə edib.
Tokayev qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir: “Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.*