Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev əmindir ki, Astana və Bakı ticarət dövriyyəsini $1 milyarda çatdıracaq. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Əminəm ki, iqtisadi potensialımız tam surətdə açıldıqca biz bu göstəricini bir milyard dollara çatdıra bilərik”, - deyə o, aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
“Bundan ötrü energetika, nəqliyyat, logistika, IT, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - deyə Tokayev əlavə edib.
O, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına diqqət yönəldib. “Bu gün qeyd etdiyimiz kimi, əmtəə dövriyyəsi 40% artıb və yarım milyard dollara çatıb. Fikrimcə, bu, sanballı nəticədir”, - deyə Tokayev bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, Əliyevin Astanaya səfəri iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Keçən il biz strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, habelə 2026-cı ilə qədər olan dövrdə əməkdaşlığın inkişafına dair kompleks proqram imzalamışıq. Bu gün də bir sıra mühüm sənədlər qəbul ediləcək. Bundan əlavə, Sizin səfəriniz çərçivəsində biz Ali Dövlətlərarası Şuranın təsis olunmasını təsbit edəcəyik. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək”, - deyə o bildirib.
Xatırladaq ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.*
R.Kərimov