Sentyabrda Türk Ticarət və Sənaye Palataları (TCCI) Birliyinin təşkilatçılığı ilə Qazaxıstanda Türk Biznes Forumu keçiriləcək. Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) məlumat verilib.
Türkiyədə Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasının 4-cü iclası keçirilib. Tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan sahibkarlar təşkilatlarının rəhbərləri, adıçəkilən ölkələrin, o cümlədən Macarıstanın Türkiyədəki diplomatik nümayəndəliklərinin təmsilçiləri qatılıblar.
İclas zamanı bu ilin oktyabr ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündən öncə, sentyabr ayında Türk Biznes Forumunun Qazaxıstanda keçirilməsi qərara alınıb.
Həmçinin 500 milyon ABŞ dolları həcmində kapitalı olan “Türk İnvestisiya Fondu”nun maliyyə imkanlarından istifadə baxımından, eləcə də türk dünyası ölkələri arasında qida təhlükəsizliyi məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında ticarət, investisiya əlaqələrinin dəstəklənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması müzakirə olunub.
“Türk dövlətləri arasında maliyyə və investisiya cəlbedicililiyinin artırılması, ölkələr arasında elektron ticarətin, eləcə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi sahələri əsas prioritet sahələr kimi təklif edilib”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov