Astana və Bakı birgə həyata keçirilməsi üçün iri layihələri müəyyənləşdirəcək. Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Biz iki ölkənin hökumətlərinə birgə həyata keçirilməsi üçün iri layihələrin müəyyən edilməsi barədə tapşırıq verdik. Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük potensial var. Ötən ilin yekunlarına görə aqrar-sənaye kompleksi məhsullarının ikitərəfli ticarətinin həcmi üç dəfə artıb və 146 milyon dollara bərabər olub. Beləliklə, bu gün bizim ümumi əmtəə dövriyyəmizin üçdəbir hissəsindən çoxu kənd təsərrüfatının payına düşür”, - deyə o bildirib.
Tokayev vurğulayıb ki, dövlət başçıları, həmçinin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü daha da artırmağın vacibliyini qeyd ediblər.
“İnformasiya texnologiyaları sahəsində kooperasiyanın gücləndirilməsi perspektivli sahə kimi müəyyən edildi. Hazırda Xəzərin dibi ilə optik-lifli rabitə xəttinin çəkilməsi üzrə fəal iş aparılır. Biz bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq onun vaxtında icrasını təmin etmək barədə tapşırıq verdik. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlarımız dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin reallaşdırılmasına, habelə Qazaxıstandakı lT-startapların məkanlarından istifadə etməyə dəvət olunurlar. Maliyyə sahəsində də əməkdaşlıq üçün böyük təməl var”, - deyə Tokayev vurğulayıb.*
R.Əhmədov