Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam üzə çıxarılmasının vacibliyini qeyd edir.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir”, - deyə Tokayev bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.
O hesab edir ki, 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. “Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Tokayevin sözlərinə görə, Əliyevlə danışıqların gedişində energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. “Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib. Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir”, - deyə o bildirib.*
R.Kərimov