Astana Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması istiqamətində səyləri alqışlayır. Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklə sülh müqaviləsinin bağlanmasına dair səyləri alqışlayır”, - deyə o, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlardan sonra mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Tokayevin sözlərinə görə, Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar.
“Bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsinin və birgə tədbirlər görülməsinin zəruriliyi eyni qaydada anlaşılır”, - deyə Qazaxıstan Prezidenti əlavə edib.
O, Əliyevlə danışıqları yüksək qiymətləndirdiyini vurğulayıb: “Mən bu gün aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi”.
Tokayevin sözlərinə görə, dövlət başçıları səmimi şəraitdə əməkdaşlığın bütün aspektlərinə dair fikir mübadiləsi aparıb, regional və beynəlxalq problemlər barəsində saatları tutuşdurub, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə ediblər.*
R.Kərimov