Bakı bütün qonşu ölkələrlə, o cümlədən Tehranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub, Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutmuş son danışıqları müsbət qiymətləndirir.
“Xarici işlər nazirləri Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında baş tutmuş son telefon danışıqları zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iki ölkənin XİN başçıları arasında 7-8 aprel tarixlərində baş tutmuş telefon danışıqlarını şərh edərkən bildirib.
O əlavə edib ki, Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub.
“Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir”, - deyə mətbuat katibi qeyd edib.
Xatırladaq ki, 7-8 aprel tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.*
N.Abbasova