Çərşənbə axşamı “SOCAR-STP” şirkəti tərəfindən müəssisədə istehsal olunan stasionar dəniz platforma kranın təqdimat mərasimi keçirilib.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, stasionar dəniz platforma kranı “Azneft” İB-nin sifarişi əsasında istehsal edilib və yaxın vaxtda nəql olunaraq dəniz platformaların birində quraşdırılacaq.
Kranın yükqaldırma gücü 30 tondur.
Həmçinin, bu gün xüsusi sınaq meydançasında kran sınaqdan keçirilib. Aparılan sınaqların nəticələrinə əsasən, kran beynəlxalq sertifikat alıb və istifadəyə yararlı sayılıb.
Dövlət Vergi Xidməti 2020-ci il aprelin 2-də “SOCAR-STP” MMC-ni 1,7 milyon manat (cari məzənnə ilə $1 milyon) nizamnamə kapitalı ilə qeydiyyata alıb. “SOCAR-STP” MMC SOCAR və Sumqayıt Texnologiyalar Parkı (STP) tərəfindən yaradılmış birgə müəssisədir.
“SOCAR-STP”-nin əsas fəaliyyəti MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə etmək və qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir. **
B.Rüstəmbəyov