15-19 may tarixlərində Rusiya Federasiyasının Krasnodar diyarından Azərbaycana biznes missiyanın təşkili planlaşdırılır.
“İnterfaks-Azərbaycan” agentliyi Regional İxraca Dəstək Mərkəzinə istinadən xəbər verir ki, Krasnodar diyarında Azərbaycana çox böyük maraq var. “Azərbaycan Respublikası Kuban vilayətinin xarici ticarəti üçün perspektivli istiqamətdir. Öz mal və xidmətlərinin Azərbaycan bazarında təşviqində maraqlı olan Krasnodar diyarının müəssisələri biznes missiyaya dəvət olunur”, - deyə Mərkəz vurğulayır.
Mərkəzin qiymətləndirmələrinə görə, Azərbaycandakı tərəfdaşları meşə sənayesi məhsulları; taxıl; maşınqayırma məhsulları; qida məhsulları; tikinti materialları; rəqəmsal texnologiyalar maraqlandıra bilər.
“Bu il Azərbaycana biznes missiya çərçivəsində RF-nin ticarət nümayəndəsi ilə görüş; Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyində görüş; Krasnodar diyarının şirkətləri və Azərbaycanın biznes nümayəndələri ilə dəyirmi masanın keçirilməsi; Krasnodar diyarı şirkətlərinin Azərbaycan şirkətləri ilə B2B formatında görüşləri; region nümayəndələrinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyi ilə görüşləri planlaşdırılıb”, - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, Kuban KOB nümayəndələri Azərbaycanın pərakəndə satış şəbəkələrinə, sənaye və texnoparklarına, həmçinin 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə baş çəkəcəklər.*
R.Əhmədov