Prezident İlham Əliyev aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat kimi qiymətləndirib.
O, bunu aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən deyib.
“Dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib”, - deyə prezidentin saytında dərc olunmuş məlumatda qeyd olunub.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırıb. Bu baxımdan dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğulayıb və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirib. O, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb.
Azərbaycan Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata görə, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub. Ermənistan tərəfinin məlumatına görə, 4 erməni hərbçi ölüb, 6 hərbçi isə yaralanıb.*
R.Kərimov