Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün səy göstərir.
“Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır və bu istiqamətdə intensiv iş aparır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”, - deyə nazir aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Bayramov qeyd edib ki, Osmanini Bakının İrəvanla münasibətlərin normallaşdırılması istiqamətində səyləri, sülh müqaviləsi üzrə baza prinsipləri barədə məlumatlandırıb.
XİN başçısı bildirib ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb. Onun sözlərinə görə, Ermənistan birbaşa danışıqlarda iştirak etmək əvəzinə hərbi təxribatlara əl atır.
Bayramov əlavə edib ki, Bakı İrəvanın Qarabağın erməni əhalisinin reinteqrasiya prosesinə müdaxiləsini qəbuledilməz hesab edir.*
R.Əhmədov