Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundu Rusiyada keçiriləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Rusiyanın sülh müqaviləsinin hazırlanmasında Azərbaycana və Ermənistana hərtərəfli yardım göstərmək istiqamətində səyləri zəifləmir. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər. Konkret tədbirlərin tarixi barədə yekun razılıq əldə olunandan sonra məlumat verəcəyik”, - deyə Rusiya XİN sözçüsü bildirib.
O, həmçinin aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı insidenti də şərh edib.
“Təəssüflər olsun ki, mövcud məlumata görə, ölən və yaralananlar var. Bu rayonda olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Silahlı Qüvvələrinin və Sərhəd Xidmətinin nümayəndələri dərhal Azərbaycan və Ermənistanda məsul şəxslərlə əlaqə saxlayaraq deeskalasiya ilə bağlı tədbirlər görüblər”, - deyə Zaxarova əlavə edib.
O hesab edir ki, insident bir daha Bakı və İrəvanın qarşılıqlı təmkin göstərməsinin vacibliyini, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin zəruriliyini təsdiqləyir.*
R.Əhmədov