İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
“Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 30 milyon 558 min 36 manat və ya bir səhmin dəyəri 2 manat olan 15 milyon 279 min 18 səhmi satışa çıxarılıb. Müəssisənin ümumilikdə 5 milyon 218 min 134 manat öhdəlikləri var.
Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 10 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesində müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqənin qalibi səhmdar cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 18 milyon manatdan az olmayan məbləğdə vəsaitin ödənilməsini təmin etməlidir.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə, müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu mayın 11-dək aparılacaq. Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi mayın 12-si saat 15:00-dan başlayaraq həyata keçiriləcək.
“Qaradağ Şüşə Zavodu” ASC Bakı şəhərinin Qaradağ rayonunda yerləşir. Zavodun nizamnamə kapitalı 35 milyon 950,63 min manat, buraxılmış səhmlərin sayı 17 milyon 975,315 min ədəddir. Zavod 2008-ci ildə istifadəyə verilib, əməkdaşlarının sayı 209 nəfərdir.*
N.Abbasova