İrəvan Bakı ilə danışıqları bərpa etməyə hazırdır, müxtəlif tərəfdaşlardan görüşün təşkili ilə bağlı təkliflər daxil olur. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Azərbaycan tərəfi ilə görüş (ötən ilin sonunda Moskvada – İF) təxirə salınmışdı (...). Biz indi görüşləri və müzakirələri bərpa etməyə hazırıq. Lakin qeyd etmək lazımdır ki, baş tutmayan görüş şəraitində belə Azərbaycanla danışıqlar prosesi dayandırılmayıb. Biz bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparmışıq”, - deyə o, bu gün parlamentdə çıxışı zamanı bildirib.
Mirzoyanın sözlərinə görə, bölgədə sülh və sabitlikdə maraqlı olan müxtəlif tərəfdaşlar iki ölkə təmsilçilərinin görüşünün keçirilməsi təklifi ilə çıxış edir.
“Yaxın gələcəkdə belə görüşlər baş tutacaq”, - deyə erməni nazir əlavə edib.*