Ermənistan Qarabağı 2007-ci ildə Madrid prinsiplərini əsas götürərək Azərbaycanın bir hissəsi kimi tanıyıb, respublikanın yeni hakimiyyəti vəziyyəti dəyişə bilməyib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“2007-ci ildə qəbul edilmş Madrid prinsiplərinə qədər erməni tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağıldığı dövrdə öz müqəddəratını təyin etmək hüququnu həyata keçirərək SSRİ-nin digər subyektləri kimi müstəqillik əldə edib. Nəticədə Qarabağ SSRİ-dən ayrılaraq müstəqil olub”, - deyə o, bu gün parlamentdə çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Madrid prinsipləri ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərindən ibarət idi, Qarabağın statusu dəqiqləşdirilməli, mexanizm isə Bakı ilə razılaşdırılmalıdır.
“Nəticədə erməni tərəfinin qərarı ilə, bəzi etibarlı məlumatlara görə, Madrid prinsiplərinin müəllifi məhz erməni tərəfi olub, Qarabağ Azərbaycanın bir hissəsi hesab olunmağa başladı. Əgər Qarabağ Azərbaycanın bir hissəsi deyilsə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır? Madrid prinsiplərinə qədər Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ, sonra isə Azərbaycan olub. Bu o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, əks halda o, öz müqəddəratını kimdən təyin edir?”, - deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, indiki Ermənistan hakimiyyəti hesab edirdi ki, hansısa yolla bu tələdən çıxa bilər. “Lakin tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, - deyə baş nazir əlavə edib.*